Ermənistan və Azərbaycan münasibətləri barədə müsbət açıqlamalar olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı peşəkar və konstruktiv məcrada keçib.
SəhərAzəri-nin məlumatına əsasən,Ceyhun Bayramov qeyd edib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Aİ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub.
Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur.
"Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir", - XİN başçısı vurğulayıb.
Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir.
Nazir, yaxın günlərdə, yaxın həftələrdə bu proseslə bağlı hansısa nəticə gözləmədiklərini vurğulayıb: “Təbii ki, prosesin nəticələri olacaq, növbəti addımlar atılacaq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu gün Ermənistan parlamentində çıxışı zaman azərbaycanlı həmkarı ilə telefon danışıqlarına toxunub: “Ceyhun Bayramovla telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın formalaşması mexanizmlərini, həmçinin, mümkün sülh sazişinin imzalanması barədə tərəflərin baxışı müzakirə olunub”, - Ermənistan XİN başçısı deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu gün deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi qısa zamanda imzalanmalıdır.
Paşinyan aprelin 30-na qədər delimitasiya üçün Birgə Sərhəd Komissiyasının üzvlərinin təyin edilməli olduğunu da qeyd edib.
O həmçinin vurğulayıb ki,Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi uzadılmamalıdır.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev də dünən keçirdiyi müşavirədə "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Azərbaycana qarşı ərazi iddialarından əl çəkir." deyib.
İlham Əliyev bildirib ki, bu çox müsbət haldır və ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir.