Erməni deputatlar Qarabağa buraxılmadı
Rusiya sülhməramlıları dünən 10 müxalif erməni deputatın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daxil olmasına icazə verməyib.
Ermənistan parlamentinin müxalif “Ermənistan” blokundan olan deputat Vahe Akopyan bu barədə məlumat verib. Onun sözlərinə görə, Laçın yolunun girişində rus sülhməramlılarına Xankəndiyə səfər edəcək şəxslərin siyahısı verilib və onların buraxılmaması istənilib. Eyni zamanda yolun girişində Ermənistan MTX-nin əməkdaşları da buna nəzarət edir.
Akopyan rus sülhməramlıları ilə uzun-uzadı müzakirə apardığını və səfər qadağasının səbəbini öyrənməyə çalışdığını da qeyd edib.
“Rus sülhməramlıları heç bir əsas göstərmədilər, sadəcə, buraxmadılar. Biz Rusiya səfirliyi ilə əlaqə saxladıq. Rusiya səfirliyindən bildirildi ki, səfirliyin rus sülhməramlılarına heç bir aidiyyəti yoxdur”,- deyə erməni deputat bildirib.
Akopyan iddia edib ki, bu, rəsmi İrəvanın qərarıdır, Ermənistan hakimiyyəti rəsmi Bakı ilə ciddi kontaktdadır və yenicə formalaşmağa başlayan əlaqələrə zərər vermək istəmir.
Deyilənlərə görə, erməni müxalif deputatlar Xankəndiyə dörd günlük səfər etməyi planlaşdırıbmışlar. Onların əsas məqsədi Qarabağdakı ermənilərin “milli şurasının iclasında” iştirak etmək olub.