İsrail rejimi öz buğda ehtiyacını Azərbaycanda istehsal edəcək
İsrail rejiminin kənd təsərrüfatı naziri Oded Ferer bir qrup mütəxəssislə birlikdə iki həftədən sonra Azərbaycana səfər edəcək.
SəhərAzəri-nin “Al-Monitor” nəşrinə istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri sionist rejimin buğdaya olan tələbatının Azərbaycan Respublikası ərazilərində istehsal edilməsidir.
Nəşrin analitikləri Azərbaycanın özünün taxıl idxalatçısı olduğunu və öz tələbatını belə ölkə daxilində təmin edə bilmədiyini xatırladırlar.
Məlumatda bildirilir ki, sionist İsrail rejimi Azərbaycan Respublikasının kənd təsərrüfatına müasir texnologiyalar cəlb etməyi planlaşdırır. Beləliklə də məlum olur ki, sionist rejim dünyada yaranmış ərzaq böhranı şərayitində öz qida təhlükəsizliyini Azərbaycan torpaqlarından istifadə edərək təmin etmək niyyətindədir.
“Al-Monitor” nəşrinin bildirdiyinə görə, İsrail rejiminin öz istehlakı üçün Azərbaycan Respublikası torpaqlarından buğda götürməsi 2025-ci ildə mümkün olacaq.
Qeyd edək ki, çoxdandır sionist rejim Azərbaycanda kənd təsərrüfatı ilə maraqlanır. Bəzi ekspertlərə görə bu rejim Azərbaycan torpaqlarını öz əkin sahələrinə çevirməkdən əlavə bu kimi fəaliyyətlərin örtüyü altında casusluq əməliyyatlarını da planlaşdırır.