Azərbaycan prezidentindən İrəvana sərt xəbərdarlıq
“Qarabağ ermənilərinə qətiyyən status verilməyəcək”
Azərbaycan Respublikasının prezidenti Ermənistana xəbərdarlıq edib ki, qonşu ölkənin ərazi bütövlüyünü sual altına qoymağa çalışmasın.
SəhərAzəri-nin məlumatına əsasən, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən İlham Əliyev bildirib: “Rəsmi İrəvan öz iddialarından əl çəkməzsə, Ermənistanın özünün ərazi bütövlüyü sual altında qalacaq.”
Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.
Onun sözlərinə görə, əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq.
Azərbaycan dövlət başçısı vurğulayıb: “Təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm də Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb”.
O sözlərinə əlavə edib ki, Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır. Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiya ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır.
Xatırladaq ki, İyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Qətərə rəsmi səfəri zamanı Əl-Cəzirə telekanalına müsahibəsində deyib: "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Qarabağ məsələsinə toxunulmayıb və Qarabağ məsələsi ayrıca həll olunmalıdır və ümid edirik ki, qarşıdakı vaxtlarda biz Qarabağ problemini də həll edə biləcəyik".