Azərbaycanda minalardan təmizlənən ərazilərin sahəsi açıqlandı
21 min hektara yaxın ərazi minalardan təmizlənib
Azərbaycan Respublikasında azad olunan rayonlarda mina və partlamamış sursatlardan təmizlənən ərazilərin sahəsi açıqlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a məxsusi müsahibəsində deyi: "Mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib. Ərazilərin təmizlənməsi zamanı 9 464 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6 126, tank əleyhinə 2172 mina, ümumilikdə 18 min ədədə yaxın hərbi sursat aşkarlanaraq məhv edilib".
Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan indiyədək mina partlayışları nəticəsində 225 nəfər zərər çəkib. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov bu yaxınlarda deyib ki, Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir və keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur.
Azərbaycan Respublikasının azad olunmuş ərazilərdə bərpa işləri aparmasını və əhalinin öz doğma yurduna qayıtması prosesinə başlamsını ciddi kölgəyə salan minalanmış ərazilərin dəqiq xəritəsinin Ermənistan tərəfindən təhvil verilməməsi Bakıda ciddi narahatlıq doğurur.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.