İyul 01, 2022 11:13 Asia/Baku
  • Separatçıların lideri ermənilərin Laçını tərk edəcəyini təsdiq edib 

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Qarabağ "parlamentində" ermənilərin Laçını tərk etməli olduğunu bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, o etiraf edib ki, ermənilərin Laçında yaşamağa davam etməsi mümkün olmayacaq və etiraz etdikləri təqdirdə İrəvanda yaşayan siyasi xadimlər və ya vəzifəli şəxslər cavab verməyəcəklər. 

Bu açıqlama separatçıların Ermənistan baş nazirinin son bəyanatına məyus olduqlarını göstərir. Nikol Paşiyan iki gün öncə demişdi ki, Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq.

Onun sözlərinə görə, Ermənistan hazırda rusiyalı tərəfdaşları ilə danışıqlar aparır: “Belə ki, dəhliz rusiyalı sülhməramlıların tam nəzarəti altında olmalıdır”.

Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaqlar.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan və Qarabağ arasında yeni yol çəkilməsi ilə əlaqədar ermənilər Laçın şəhərini qaytarmalıdırlar. Hazırki yol Laçın şəhərindən keçir.

Yeni yol yaxın gələcəkdə təhvil verilməlidir, amma Ermənistan elitasının bir hissəsi Laçını tərk etməyin əleyhinə çıxır, bu da Azərbaycan silahlı qüvvələri ilə yeni döyüşlərə səbəb ola bilər.

Teqlər