BİHK və IPHR:
Azərbaycan əhalisinin əksər hissəsi lazımi həyat səviyyəsinə malik deyil
Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) və İnsan Hüquqları uğrunda Beynəlxalq Əməkdaşlıq təşkilatı (IPHR) Azərbaycanda sosial və iqtisadi hüquqlar barədə tematik hesabatlar hazırlayıblar.
BİHK-nin press-relizinə əsasən, 75 səhifəlik araşdırma aşağıdakı 4 konkret sahəni əhatə edir: (1) əmək hüququ; (2) adekvat yaşayış standartları hüququ; (3) yüksək səhiyyə standartlarına çıxış hüququ (sağlamlıq hüququ); (4) təhsil hüququ.
Hesabatlar hər dörd istiqamət üzrə geniş ilkin analizlərdən ibarət olmaqla yerli qanunvericilik bazasının xülasəsini, dövlət proqramlarını, ictimaiyyətə açıq olan rəsmi məlumat bazasının analizini, sosial şəbəkələr üzərindən təşkil edilmiş sorğuda əladə edilmiş nəticələri və BİHK-na göndərilmiş şikayətləri və bu şikayətlər əsasında göstərilmiş hüquqi yardımın nəticələrini əhatə edir.
Araşdırma Azərbaycan Respublikasının 1992-ci ildə ratifikasiya etdiyi İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş prinsip və standartlar əsas götürülməklə aparılıb.
Hesabatlarda hər bir istiqamət üzrə Azərbaycan hökumətinə ünvanlanmış tövsiyələri əks olunub, deyə BİHK rəhbəri Rəsul Cəfərov bildirib.
"Araşdırmanın əsas nəticələri göstərir ki, Azərbaycan əhalisinin əksər hissəsi aşağı gəlir, ərzaq və ya mənzil əldə etmək imkanının az olması ilə əlaqədar lazımi həyat səviyyəsinə malik deyil. Təhlil göstərir ki, ev təsərrüfatlarının böyük hissəsi gəlirlərin az olması və ya dövlət dəstəyinin kifayət qədər olmaması səbəbindən öz-özünü təmin edə bilmir. Sorğu nəticələri göstərir ki, zəruri xərcləri ödəmək iqtidarında olan ev təsərrüfatlarının payı 30%-dən çox deyil", deyə araşdırmada bildirilir.