İlham Əliyev Avropa Parlamentini sərt tənqid etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa Parlamentini kəskin tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən,İlham Əliyev belə deyib: “Biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir.”
Azərbaycan Respublikası prezidenti Avropa Şurasının Azərbaycana qarşı çoxlu sayda qətnamələr qəbul etdiyinə diqqət çəkərək, onların ən sonuncusu yəni müharibə bitəndən il yarım sonra qəbul edilən qətnaməni xatırladıb: “Həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil”,- İlham Əliyev deyib.
İlham Əliyev Avropa Parlamentinin Ermənistanın tam təsiri altında olduğunu bildirib: “Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir”,- deyə Azərbaycan Respublikası prezidenti deyib.