Qarabağ erməniləri Azərbaycanın tərkibinə qayıtmaq istəmirlər
İnteqrasiyaya mane olan nədir? - TƏHLİL
Qarabağ ermənilərinin Azərbaycan Respublikasına inteqrasiyası və onların tam hüquqlu vətəndaş olaraq azərbaycanlılarla birgə yaşayının mümkünlüyü təbliğ olunsa da, onlar bu çağırışları qulaq ardına vurur və Azərbaycanın tərkibinə qayıtmaq istəmədiklərini nümayiş etdirirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 12-də “Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də xüsusi imtiyazları”nın olmadığını elan edib.
İnteqrasiyadan söhbət düşmüşkən şübhəsiz ki, Qarabağ erməniləri birinci növbədə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, halbuki bunun üçün hələlik heç bir perspektiv yoxdur, bölgədə düşmənçilik ovqatı hökm sürür və tərəflər arasında dərin etimadsızlıq var. Ona görə də İrəvanla Bakı arasında sülh sazişi imzalansa belə, bu, Qarabağ ermənilərinin Azərbaycana tabe olacaqları anlamına gəlməməlidir. Çünki onlar hazırda faktiki olaraq Ermənistandan deyil, Rusiyadan söz eşidirlər və Rusiya da Qarabağ ermənilərini Azərbaycana inteqrasiya olunmağa təşviq etmir, üstəlik yerli ermənilərdə rusiyapərəstlik əhval-ruhiyyəsi yaradır. Buna baxmayaraq Azərbaycan hakimiyyəti ümid edir ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərsə, asanlıqla inteqrasiya olunacaqlar. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi sərbəst şəkildə yaşayarlar və onlar üçün heç bir təhlükə olmaz.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qala, öz yurd-yuvasına qayıdan azərbaycanlılarla sülh və təhlükəsizlik şəraitində yaşaya bilərlər. O, mütəmadi olaraq bəyan edir ki, onların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları kimi, hər hansısa imtiyaz olmadan qorunacaq.
Ancaq məsələni qəlizləşdirən bir tərəfdən Azərbaycanın Qarabağ ermənilərinə münasibətdə öz ritorikasını dəyişməməsi, başqa tərfdən isə kənar qüvvələrin erməniləri ruhlandıran və onları müstəqillik status əldə etməyə təşviq edən siyasətləridir. Bu istiqamətdə ATƏT Minsk Qrupuna həmsədrlik edən dövlətlərin Cənubi Qafqazda cərəyan edən nüfuz savaşını udmaqdan ötrü Qarabağ kartından istifadə etmələri xüsusilə diqqət çəkir və onların heç biri Qarabağ münaqişəsinin birdəfəlik həllində maraqlı deyillər. Bu amylin özü istər-istəməz bölgədə davamlı sülhə və Qarabağ erməniləri ilə azərbaycanlıların vahid dövlətdə yaşamasına mane olur.