Azərbaycandan sionist rejimə ianə;
İsrailə yatırılan investisiyanın həcmi bəlli oldu - TƏHLİL
Bu ilin ilk yarısında Azərbaycanın İsrailə yatırdığı investisiyaların həcmi 542 milyon ABŞ dolları təşkil edib. Xunta rejimi Azərbaycan investisiyasının birinci məqsədidir.
Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov iddia edib ki, bunun əsas səbəbi Azərbaycanın Aralıq dənizindəki “Tamar” qaz layihəsində iştirakıdır. İnvestisiyaların böyük qismi məhz bu layihəyə yönəlib.
Lakin bu kimi izahat ictimaiyyəti qane etmir. Çünki bu məsələ, xüsusilə İsrailin hazırkı siyasəti və Qəzzədə davam edən müharibə fonunda, etik və siyasi baxımdan çox mübahisəlidir.
Rəsmi Bakı bu yatırımı əsasən “iqtisadi maraqlar” və “texnoloji əməkdaşlıq” kimi təqdim etsə də, bu, ictimai rəyi dəyişmir, xalqın əksəriyyəti sionist rejimə qarşıdır və bu cür münasibət xalq iradəsinin təzahürü kimi görünmür. Ona görə də İsrailin Qəzzədə həyata keçirdiyi müharibə cinayətləri və dinc əhalinin soyqırımı fonunda, belə sərmayələr moral baxımdan ciddi sual altındadır.
Bu həm də, beynəlxalq səviyyədə ikili standart kimi görünür: bir tərəfdən İslam dünyasında həmrəylik bəyanatları, digər tərəfdən isə Qüdsü işğal etmiş rejimlə milyardlıq iqtisadi əməkdaşlıq.
Məsələ bundadır ki, xarici sərmayə istiqamətləri və tərəfdaş seçimi qapalı dairələrdə müəyyən olunur, ictimai müzakirə aparılmır.
Nəticə etibarilə, bu cür “lütfkarlıq” həm etik, həm siyasi, həm də milli baxımdan izah olunası məsələ deyil. Azərbaycan xalqının duyğuları və dəyərləri ilə bu rəqəmlər arasında dərin uçurum var.