Sen 01, 2022 22:18 Asia/Baku
  • Ötən ay azad olunmuş ərazilərdə 3 042 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, agentlik bildirir ki, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xatırladaq ki, Azərbaycan Respublikasının azad olunmuş ərazilərdə bərpa işləri aparmasını və əhalinin öz doğma yurduna qayıtması prosesinə başlamsını ciddi kölgəyə salan minalanmış ərazilərin dəqiq xəritəsinin Ermənistan tərəfindən təhvil verilməməsi, Bakıda ciddi narahatlıq doğurur.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.

Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını almaq mümkün olacaqdır.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin 31 avqust görüşündə humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların və itkin düşmüş şəxslərin taleyi müzakirə edilib

Teqlər