Sen 22, 2022 09:23 Asia/Baku
  • Azərbaycan-İran sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub

Sentyabrın 21-də Azərbaycan-İran sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin onlayn iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.

Təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam REspublikasının prezidenti Seyid İbrahim Rəisinin səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə sürətlə inkişaf edir.

Tədbirdə vurğulanıb ki, 2022-ci il martın 11-də İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. 

Təməlqoyma mərasimində yeni körpünün hər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə, nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun tranzit potensialının artırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Teqlər