Sen 30, 2022 12:19 Asia/Baku
  • Tanınmış Ruhani Hacı Abgül Süleymanov azadlığa buraxıldı

11 ildir həbsdə olan, tanınmış ruhani Hacı Abgül Süleymanovun həbs müddəti bu gün başa çataraq o azadlığa buraxılıb.

A.Süleymanov 2011-ci ildə həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

İlahiyyatçı Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi. Həmçinin saxlanılarkən onun üzərində narkotik vasitə, mənzilində odlu silah və sursatın aşkarlandığı iddia edilirdi.

Ancaq bir çox ictimai siyasi nümayəndə və ayrı-ayrı qeyri-hökumət qurumları və ümumi fikr  A.Süleymanovun həbsini hicab qadağasına qarşı Bakıda keçirdiyi aksiyalar və hakimiyyətə münasibətdə tənqidi mövqe tutması ilə bağlayırlar.

Abgül Süleymanov  23 January 2013-də məhkəmə iclasında Hakimə xitabən iki tələb irəli sürmüşdü: “Mən sizdən nə istəyirəm? İki dənə videoçarx. Biri əlim bağlı olan şəkildə cibimə narkotikin atılması, digəri isə qapısı açıq olan evdə axtarışın aparılması video kadrları. Çox şey istəmirik ki?! Demirik ki, bizim üçün Qafqaz dağlarını qaldırıb gətirin bura. Bu iki video kadrlarının göstərilməsi niyə təmin olunmur?

Ruhaninin bu tələbinə hakim Mirpaşa Hüseynov belə qarşılıq vermişdi: “Başqa bir şey istə, onu təmin edə bilmərik”.

Ruhani Hacı Abgül Süleymanova qarşı həbs hökmü çıxarıldıqdan sonra bir çox ictimai-siyasi-dini xadimlər və qurumlar ilahiyyatçıya qarşı çıxarılan məhkəmə qərarını əsassız və qərəzli hesab etdilər və Hacı Abgül Süleymanovun baxışlarına görə təqib olunduğunu bildirdilər. Hacı Abgül Süleymanov digər ruhani məhbuslar, Tale Bağırov və Mövsüm Səmədov kimi beynəlxalq qurumların da siyahısında vicdan məhbusu kimi qeyd edilmişdir.

Məhkəmə işi davam edərkən Abgül Süleymanovun vəkili olan Anar Qasımlı o vaxt bildirmişdi ki, Abgül Süleymanov İslam alimidir, ruhanidir. O çıxışlarında narkotiklə mübarizəyə böyük rol verdiyinə, deputatları, məmurları qanun pozuntularına görə tənqid etdiyinə, Qarabağın azadlığı üçün hakimiyyətə səsləndiyinə görə azadlıqdan məhrum edilir.

Ruhani Hacı Abgül Süleymanov həbs müddətində də ölkədə gedən prosseslər və baş verən hadisələrə  tənqidi münasibətlərinə görə dəfələrlə qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülərək tez-tez təzyiqlərə məruz edilmişdir.

Mübariz ruhani Hacı Abgül Süleymanovun 2012-ci il 10 avqustda keçirilən yekun məhkəməsi isə onun çıxarılacaq cəza ilə bağlı hakimə müraciəti ilə yadda qaldı: “Prokuror 12 il iş istədi, mənə hökm oxunanda bu cəzanı aşağı salmayın. 12 imama xatir 12 il!”

Teqlər