Azərbaycan XİN mina qurbanlarının sayını açıqladı
262 Azərbaycan vətəndaşı ötən iki ildə mina partlayışında həlak olub
2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında paylaşım edib.
Bildirilir ki, Ermənistan minasının daha bir qurbanı, Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının azad olunmuş ərazilərdə bərpa işləri aparmasını və əhalinin öz doğma yurduna qayıtması prosesinə başlamsını ciddi kölgəyə salan minalanmış ərazilərin dəqiq xəritəsinin Ermənistan tərəfindən təhvil verilməməsi, Bakıda ciddi narahatlıq doğurur.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.
Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını almaq mümkün olacaqdır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin 31 avqust görüşündə humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların və itkin düşmüş şəxslərin taleyi müzakirə edilib.