Bakı meriyası qarşısında etiraz aksiyası keçirilib
Etirazçılar “azadlıq”, “istefa” şüarları veriblər
Bakıda fəallar bir neçə qrup şəkilində “istefa”, “azadlıq” şüarı səsləndirərək Bakıda yürüş etmək istəyiblər. Amma onlar saxlanaraq müxtəlif polis bölmələrinə aparılıblar.
SəhərAzəri-nin məlumatına əsasən, saat 16:10 radələrindən sonra bir neçə qrup Bakıda yürüş etməyə cəhd edib. Onlar qol-qola tutaraq "Ailə hakimiyyətinə son", "Siyası məhbuslara azadlıq" və başqa şüarlar səsləndiriblər.
Həmin zaman 10-dan çox fəal saxlanıb. Saxlananlardan bəzisi də siyasi mənsubiyyətinin olmadığını söyləyib.
Bu arada Müsavat Partiyası və AXCP-dən yeni-yeni saxlananlar var. Saxlananlardan bəziləri polisin fiziki zorakılıqları ilə üzləşdiklərini qeyd ediblər.
Xatırladaq ki, AXCP-nin sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə keçirmək istədiyi aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilmişdi.
DİN-dən isə bildirilib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınacaq və təşkilatçılar məsuliyyət daşıyacaqlar.