Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə
Soçi sammitinə cavab olaraq Vaşinqton əks-hücuma keçib
Vaşinqtonda ABŞ Dövlət Katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilir.
SəhərAzəri-nin məlumatına əsasən, noyabrın 7-də Vaşinqtonda ABŞ Dövlət Katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüşdə Blinken iddia edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. "Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi müstəqilliyinin güclü dəstəkçisidir,” - deyə dövlət katibi qeyd edib.
Onun sözlərinə görə, 30 il ərzində davam edən münaqişənin böyük maddi və mənəvi itkilərə, dərin yaralara səbəb olduğu halda indi hər iki ölkə keçmişi arxada qoyaraq möhkəm sülhə doğru cəsur addımlar atır.
Sonra nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikirləri bölüşüblər və hələ də həll edilməli olan bir sıra məsələlərin olduğunu etiraf ediblər. Onlar Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri təkrarladılar.
Məlumatda qeyd olunur ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər
Nazirlərin Vaşinqton görüşü oktyabrın 31-də Soçidə keçirilən sammitdən az sonra təşkil olunub, bu isə ABŞ-ın bölgəyə nəzarət uğrunda gedən nüfuz savaşının həssas mərhələyə keçdiyinə dəlalət edir. Hazırda Rusiya təşəbbüskarlığı öz əlində saxlayaraq istənilən anda Vaşinqtonun cəhdlərini iflasa uğratmaq üçün kifayət qədər təsir rıçaqlarına malikdir. Bu səbəbdən sülh prosesində ABŞ-a etibar etmək hər iki münaqişə tərəfi üçün başağrısı gətirə bilər.