"Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir"
Azərbaycan Respublikası Milli Məclisin deputatı Naqif Həmzəyev binaların zəlzələ izolyatorları ilə tikilməsinə çağırıb.
Naqif Həmzəyev deyib ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır: "Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, tikinti şirkətləri daha çox pul qazanmaq naminə vətəndaşları təhlükəyə atmayacaqlar".
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələ nəticəsində minlərlə bina çökdü və 43 556 nəfər uçqun altında qalaraq həyatını itirdi.
Bu fəlakətdən sonra Türkiyədə uçan binaların inşasındakı qanunsuzluq mövzusu gündəmə gəldi və yüzdən çox təqsirli bilinən şəxs həbs edildi.
Binaların çökməsinin səbəbi, inşaatda zəlzələ meyarlarının görməzliyə vurulması elan edilir. Bu da korrupsiya ilə bir başa əlaqədədir.
Baş verənlər Azərbaycan Respublikasında ciddi nigaranlıqlara səbəb olub. Azərbaycanda binalar nə dərəcədə düzgün tikilib? Sualı insanları düşündürür. Bir tərəfdən rüşvətxorluq və qanunsuzluğun Azərbaycan Respublikasında Türkiyədən daha geniş müşahidə olunduğu digər tərəfdən Azərbaycanın Bakı başda olmaqla iri şəhərlərində son on illiklərdə tikilən binaların Türkiyə şirkətləri tərəfindən inşa edilməsi bu ölkədə binaların zəlzələ qarşısında davamlı olması barədə ciddi şübhələrə səbəb olub.