Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı:
“Kütləvi aksiyalara selektiv yanaşma var”
Martın 14-də Saatlı rayonunda su qıtlığına görə toplaşaraq etiraz edən yerli sakinlərin aksiyasının qarşısı alınıb, rezin güllələrdən və digər sərt vasitələrdən istifadə edildiyi açıqlanıb.
Turan xəbər agentliyi hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən münasibət öyrənib. DİN Saatlı rayonunda baş verən həmin insidentlə bağlı bildirib ki, polis əməkdaşları qanunsuz aksiyada sadəcə qanunvericiliyə uyğun tədbirlər həyata keçirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bu sahədəki qanunvericilik barədə bunları deyib:
“Hökümət hər zaman qeyd edir ki, sərbəst toplaşmaq hüququ ilə bağlı sanksiyalaşdırma özü-özlüyündə icazə almaqdır. Baxmayaraq ki, bu konstitusion hüquqdur və bütövlükdə ölkə əhalisinin hər bir fərdinə, partiyasına, qeyri-siyasi qüvvələrə, dindara, ateistə aid bir məsələdir. Təəssüf olsun ki, bu qanun ətrafında da münasibətlər həddindən artıq siyasiləşib. Müxalif qüvvələr bunu məlumat vermə və istənilən ərazidə toplaşmaq hüququ kimi təqdim edir”.
Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlının sözlərinə görə isə, Azərbaycanda uzun illərdir sərbəst toplaşmaq azadlığı məsələsi problemdir: “Əvvəllər müəyyən yerlər ayrılsa da, sonradan bu da aradan qaldırıldı. Şəhərin mərkəzində etiraz aksiyaların keçirilməsinə icra hakimiyyəti orqanları tərəfindən icazə verilmir və bu da siyasi qərardır”,-Ekspert deyib. Onun fikrincə hətta aksiya üçün müəyyən yerin ayrılması da qanunvericilik və insan hüquqları kontekstinə uyğun deyil, çünki məhdudiyyətlər qoyulmamalıdır.
Bəşir Süleymanlıya görə hakimiyyət alternativ səsləri eşitmək istəmir:
“Kütləvi aksiyalara selektiv yanaşma var. Birdə görürsən ki, hökümətyönümlü təşkilatlar hətta kütləvi şəkildə öz sərbəst toplaşmaq hüququndan istifadə edərkən heç bir müdaxilə edilmir, amma siyasi olmayan şəxslərin etirazına icazə verilmir. O cümlədən də Saatlıda sırf sosial məsələlərlə bağlı keçirilən aksiya zamanı da aşırı gücün tətbiqinə şahid olduq”,- Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı deyib.