ABŞ Azərbaycanı Demokratiya Sammitinə çağırmayıb
Martın 29-u və 30-da Birləşmiş Ştatların (ABŞ) təşkilatçılığı ilə növbəti Demokratiya Sammiti keçiriləcək. Amma Azərbaycanın bu sammitə də, hələlik, dəvət edildiyi açıqlanmayıb.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Prezidenti Co Bayden administrasiyasının artıq 120 dünya liderinə dəvət göndərdiyi bildirilir. "Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik. Həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik", - ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski bildirib.
Azərbaycan bundan əvvəlki sammitə də dəvət edilməmişdi.
Hələlik, məsələyə Prezident Administrasiyasından münasibət bildirilməyib. Turan xəbər agentliyi mövzu ilə bağlı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Hüseynovun fikrini öyrənib. O bildirib ki, Azərbaycana hər zaman ikili standartlar mövqeyindən yanaşıblar: "Bütün ictimaiyyət bilir ki, Azərbaycana ikili standartlarla yanaşılır. Azərbaycan dövlətinin milli və dövlətçilik maraqları haradadırsa, dövlətimizə harada hörmət və ehtiram var, biz oradayıq".
Beləliklə deputat etiraf etmiş olub ki , Amerikada Azərbaycanın milli və dövlətçilik marqlarına hörmət edilmir.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Baydenin və onun administrasiyasının İlham Əliyevin iqtidarına münasibətini olduqca mənfi hesab edir və öz iddiasına sübut olaraq ABŞ-ın Azərbaycana bir ildən çoxdur səfir təyin etməməsini göstərib.
Qasımlıya görə Azərbaycanın ABŞ-ın təşkil etdiyi demokratiya sammitinə dəvət edilməməsi Azərbaycanda demokratiyanın olmaması ilə bağlıdır.
Qeyd edək ki, ABŞ və Avropa, demokratiya və insan haqları mövzusundan öz maraqları istiqamətində təzyiq vasitəsi kimi faydalanmağa çalışır. İstənilən ən totalitar ölkəyə öz istəklərini qəbul etdirə bildikdə, həmin ölkə barədə insan haqları və demokratiya prinsiplərindən vaz keçirlər. Digər tərəfdən öz xalqlarının iradəsi ilə formalaşmamış hökumətlər qərb dövlətləri və qurumlarının bu oyunu qarşısında daha sarsıntılı duruma malik olur və ona etinasız yanaşa bilmirlər.
2021-ci il dekabrın 9-u və 10-da ABŞ Demokratiya Sammiti keçirmişdi. Həmin sammitə Rusiya, Türkiyə və Azərbaycan dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni "açıq ayrıseçkilik" adlandırmışdı.