Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ görüşü başa çatıb:
“Bəzi maddələr üzrə razılaşmalar əldə edilib”
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ABŞ-da 4 gün davam edən görüşü başa çatıb.
SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Xarixi İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Eyni zamanda, nazirlərin və onları müşayiət edən nümayəndə heyətinin üzvlərinin Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə etdiyi vurğulanıb: “Eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər”.
Xatırladaq ki, 1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər.
Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
ABŞ dövlət katibi Entoni Blinken bu gün keçirilən brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib:
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.
“Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz, həqiqətən də, sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik”, – Blinken əlavə edib.
Hər iki ölkənin rəsmi orqanlarının məlumatına görə, növbəti görüş Moskvada planlaşdırılır.