Azərbaycan Fransadan acıq çıxır
Qarabağa gedən yardım karvanı bloklanıb
Azərbaycan Fransanın humanitar karvanının Qarabağ ermənilərinə yardım çatdırmasına mane olub.
Paris meri Ann İdalqo İrəvandan Laçın dəhlizinin girişinə qədər 10 yük maşınından ibarət karvanı şəxsən idarə etsə də, Azərbaycan tərəfi yük maşınlarını Dağlıq Qarabağa buraxmayıb, yük maşınları Kornidzorda, Laçın dəhlizinin girişində qalıb.
Bu məsələyə reaksiya olaraq Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Fransandan göndərilən yardımın qarşısının alınması Azərbaycanın Dağlıq Qarabağda humanitar böhranı pisləşdirməyə yönəlmiş siyasətini sübut edir”.
Nikol Paşinyan Fransa regionlarının Qarabağ ermənilərinə humanitar yardım göstərilməsi təşəbbüsünü yüksək qiymətləndirib.
Paris və Fransanın bir neçə başqa şəhərlərinin bələdiyyələri tərəfindən Qarabağ erməniləri üçün göndərilmiş 10-dək humanitar yardım maşını hazırda Azərbaycanla həmsərhəd olan Kornidzor şəhərindədir.
Avtomobil yük karvanını Parisin meri Ann İdalqo müşayiət edir.
Ermənistan mediası yazır ki, hələ Kornidzora gəlişindən əvvəl İdalqo Ermənistanın Syunik vilayətinin qubernatoru Robert Qukasyan və Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” kimi təqdim olunan Sergey Kazaryanla görüşüb.
Ann İdalqo avqustun 30-da X platformasında post yazıb:
“Biz Ermənistandayıq. Doqquz aydır ki, 30 min uşaq da daxil 120 min Artsax ermənisi təcrid olunub, aclıq çəkir və hər şeydən məhrum edilib. Bu humanitar fəlakətə cavab olaraq biz təcili yardım çatdırırıq. Vaxt tükənir”.
Öz növbəsində Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva bəyan edib ki, “Fransanın bəzi seçkili rəsmiləri Qarabağ üçün humanitar yükləri müşayiət etməklə Azərbaycanın gözdən salınmasına və Bakının humanitar böhran yaradılmasında ittiham edilməsinə çalışırlar”.