Azərbaycanın mövqeyi buddistlərin mövqeyi qədər olmadı
Qəsibkar İsrail rejiminin mülki fələstinlilərə qarşı son günlərdəki cinayətləri bu rejimin işğalçılığı qarşısında Fələstin xalqına dəstək məqsədi ilə yaradılmış İslami Əməkdaşlıq Təşkilatının üzvlərinin kəskin şəkildə pislənildiyi halda rəsmi Bakı sadəcə narahat olduğunu bildirib.
Sionist rejimin fələstinlilərə qarşı başlatdığı son qırğınlar ilə bağlı dünən İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası xarisi işlər naziri Ceyhun Bayramovun çıxışı birmənalı qarşılanmır.
Müsəlman ölkələrinin Fələstinə qarşı sionist işğalçılığı əleyhinə əməkdaşlıq məqsədi ilə yaradılmış İslami Konfrans Təşkilatını əvəz edən İslam Əməkdaşlıq Təşkilatı dünən Ciddə də Səudiyyə Ərəbistanın çağırışı ilə XİN başçılarının növbədənkənar iclasını təşkil etdi. İclasda məqsəd qəsbkar rejimin son günlər ərzində Qəzzədə minlərlə mülki fələstinlinin qırğını ilə nəticələnən cinayətləri qarşısında müsəlman dövlətlərinin həmrəyliyini nümayiş etdirməkdən ibarət olub.
İclasda çıxış edən müsəlman dövlətlərin nümayəndələri qəsbkar İsrail rejiminin müsəlman fələstinlilərə qarşı tükörpədici cinayətlərini pisləyiblər. İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian iclasda etdiyi çıxışında İsrail rejiminin dərhal müsəlman ölkələri tərəfindən boykot edilməsinə, bu rejimə neft blokadasının tətbiq edilməsinə və qəsbkar rejimlə əlaqəyə malik olan ölkələr tərəfindən bu rejimin səfirlərinin qovulmasına çağırıb. İƏT-in baş katibi Hüseyn İbrahim Taha da Fələstin məsələsində islam ümmətinin vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb. Ciddədə iştirak edən müsəlman ölkələrin nümayəndələri saxta sionist rejimin son cinayətlərini qəti şəkildə pisləyiblər.
Belə bir şəraitdə qəsbkar sionist rejimi neft ilə təmin edən Azərbaycan Respublikasının xarici işlər naziri iclasda etdiyi çıxışında Bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələrin narahatlıq doğurduğunu bildirib hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış etməklə kifayətlənib.
İƏT-in üzvü olan Azərbaycanın XİN-in başçısının bu mövqeyi nəinki bir müsəlman dövləti hətta regiondan çox uzaqlarda yerləşən buddist Yaponiya və Kommunist Çinin mövqeyi qədər də olmayıb. Hansı ki, Yaponiya XİN bir bəyanat yayaraq Sionist İsrail rejiminin Qəzzədə Əl-Müəmmidani xəstəxanasını hədəfə alaraq yüzlərlə qadın və uşağı qətlə yetirməsindən son dərəcə qəzəbli olduğunu bildirib. Çin isə fələstinlilərə qarşı ədalətin olmadığını kəskin qınayıb.
Sionist rejimin səfirliyinə geniş fəaliyyət imkanı yaratmış Azərbaycan Respublikasının İƏT-ə göndərdiyi nümayəndəsi Ceyhun Bayramov həlak olanların ailələrinə də başsağlığı verib ancaq onun işğalçı sionistləri yoxsa fələstinliləri nəzərdə tutduğu bəlli olmayıb.
Sanki iki suveren dövlət arasında müharibə baş vermiş olduğu təssəvürünü yaradan bəyanatın davamında mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyi vurğulanıb. Burada da məscidlərin adı birmənalı şəkildə çəkilmədiyində belə bir təssəvür yaranır ki, sinaqoqların da zərər çəkməsi ehtimalı, rəsmi Bakını nigaran edir.
Qəsbkar sionist rejimin cinayətlərinin Yaponiyanı belə qəzəbləndirdiyi bir şəraitdə görəsən rəsmi Bakı Qəzzədə milyonlarla müsəlmanın enerji təminatını kəsərək böyük insan faciəsinə yol açan rejimin neft təminatını dayandıracaqmı?
Saxta rejimin müsəlmanlara qarşı cinayətlərini utanmazlıqla reklam edən bu rejimin Bakıdakı səfirinə müsəlman qeyrətini göstərəcəkmi?