Noy 29, 2023 20:29 Asia/Baku
  • “Tərtər işi” ilə əlaqədar 4 nəfərə hökm oxunub

“Tərtər işi” üzrə 4 nəfərə hökm oxunsa da bu işdəki zərər çəkənlər və onların yaxınları məhkəmə prossesini formal hesab edir və əsas cinayətkarların vəzifədə olduqlarını deyirlər.

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarları Tərtər işi üzrə zərərçəkənləri qane etmir və onlar vaxtaşırı etiraz aksiyaları keçirərək əsas cinayətkarların azadlıqda olduqlarını bildirirlər.  Noyabrın 22-də Tərtər işi üzrə zərərçəkənlərdən bir qrupu Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirmək istədi. Onlar artıq 6 ildir başladılan bu işdə cinayətkarların nəinki cəzasız qalması hətta vəzifədən belə kənarlaşdırılmamasına etiraz etdilər.

2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsiliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.

Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər.

Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür. Bunlardan bir nümunəsi polkovnik-leytenant Saleh Qafarova verilən işgəncələrdir. Onun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir.

Azərbaycanın hərbi, hüquq mühafizə orqanları, hətta icra başçılarının birgə iştirakı olan bu cinayətlər hakimiyyətdə mütəşəkkil cinayətkar dəstələrin fəaliyyəti barədə ictimaiyyətdə formalaşan fikirləri təsdiqləmiş oldu.

İndi zərərçəkənlər belə qənaətdədirlər ki, hakimiyyətdaxili qanuni orqanların törətdiyi misli görünməmiş qanunsuzluqlara baxılması üzrə açılmış cinayət işi yenə də  hakimiyyətdaxili mütəşəkkil cinayətkar qrupların nəzarətindədir.

 

 

Teqlər