Azərbaycanda narkotiklə şərlənən ruhaniyə hökm oxundu
Ələddin İbişov 3 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Ələddin İbişovun məhkəməsi yekunlaşıb.
"Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, ruhani 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, İbişov Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində saxlanılmışdı.
Bu arada “sənədləşdirilməyən narkotik vasitələr siyasi həbslərdə istifadə olunur” deyən keçmiş polis əməkdaşının narkotiklə həbs olunduğu bildirilir.
Hüquq müdafiəçisi və keçmiş polis əməkdaşı İlhamiz Quliyev narkotik ittihamı ilə saxlanılıb.
Hakimiyyət dairələri isə onun “Abzas Media”ya verdiyi müsahibəyə görə həbs olunduğunu qeyd edirlər.
İ.Quliyev sözü gedən müsahibədə polis əməkdaşlarının narkotik maddələrindən siyasi həbslərdə istifadə etdiyini iddia edib. Bundan sonra o 30 sutka həbs edilib.
Maraqlıdır ki, şərlənəcəyindən ehtiyat edən İlhamiz narkotik maddələr üzrə test verib və “təmiz olmasına” dair arayış alıb.
O, 4 dekabrda saxlanılaraq Yasamal polis idarəsinə aparılıb və ona qarşı narkotik ittihamı ilə cinayət işi açılıb.
Yaxınları onun işgəncəyə məruz qaldığını, üzərində xəsarətlər olduğunu deyir.