Dek 29, 2023 12:24 Asia/Baku
  • Azərbaycan XİN-dən Seçkiləri müşahidə üçün dəvət müraciətləri olub

Azərbaycan Xarici İşlər Nazirliyi, bu ölkədə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün bir neçə beynəlxalq təşkilata dəvət göndərib.

Azərbaycan Respublikası XİN-in mətbuata verdiyi məlumatda vurğulanıb ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.

Gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri üçün Azərbaycan Respublikası prezidenti İlham Əliyev də daxil olmaqla indiyədək 15 nəfər namizədliyini irəli sürüb

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi təsdiqlənən şəxslərin sayı isə, hələlik, 7 nəfərdir.

Qanunvericiliyə görə, prezidentliyə namizədliyi təsdiqlənənlər seçkilərə qatılmaq üçün 40 min imza yığmalıdır və həmin imzalar Mərkəzi Seçki Komissiyasında (MSK) təsdiqlənməlidir.

Azərbaycanda müxalifət partiyaları isə seçkilərə qatılmayacaqlarını bildiriblər.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

Müxalifətyönlü  Müsavat Partiyası ədalətli rəqabət üçün şəraitin olmadığını bildirərək seçkilərdə iştirakdan imtina edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərini boykot etmək qərarına gəlib və bunu azad və ədalətli seçkilər üçün şəraitin olmaması ilə izah edib.

Azərbaycan Milli İstiqlal Partiyası da (AMİP) prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib.

Hakim Yeni Azərbaycan Partiyasının nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov müxalifətin boykot qərarı barədə Turan agentliyinə deyib ki, rəqiblərin davranışını başa düşmək olar. Onlar bilirlər ki, Azərbaycan prezidentinə ümumbəşəri sevgi var. Belə bir vəziyyətdə İlham Əliyevlə rəqabət aparmaq son dərəcə çətindir.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə bildirib ki, ölkədə seçki abı-havası hiss olunmur.

Ekspertin vurğulamasına görə, mühitin qapadılması, jurnalistlərin təqibə məruz qalması öz nəticəsini verib , artıq seçkilərlə bağlı məlumatlar demək olar ki, yayılmır.

Müxalifət nümayəndələrinin iddialarına görə, hakimiyyət bəzi özünə sərf edən namizədlərə yol açıb, rəqabət görüntüsü yaratmaq istəyir, gerçək iddiaçılar isə sıxışdırılır.

 

Teqlər