Türkmən qazının İran vasitəsilə Azərbaycana nəqli məsələsi müzakirə olunur
Türkmənistanla qaz mübadiləsi tezliklə bərpa olunacaq
İran Milli Qaz Şirkətinin baş direktoru Türkmənistanla qaz mübadiləsinin tezliklə bərpa olunacağını bildirib.
Məcid Çegeni deyib: “Türkmənistanla Azərbaycan arasında əldə olunmuş razılığa görə, qaz svop əməliyyatı müvəqqəti olaraq dayandırılıb və aparılan danışıqlara əsasən, yaxın vaxtlarda bərpası nəzərdə tutulur”.
Onun sözlərinə görə, qaz mübadiləsinin həcmi gündə təxminən 5 milyon kubmetr təşkil edib.
Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişə əsasən, İran Türkmənistandan tədarük etdiyi təbii qazı Azərbaycana 2022-ci ilin yanvarından nəql etməyə başlayıb. Bu sənədlə Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının nəqli nəzərdə tutulub.
Həmçinin 2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci arasında anlaşma memorandumu imzalanıb. Burada Türkmənistandan Azərbaycana İran vasitəsilə təbii qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulub.