Əliyev prezident seçkilərinin səbəblərini əsaslandırdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i407417-Əliyev_prezident_seçkilərinin_səbəblərini_əsaslandırdı
Azərbaycan Respublikasının prezidenti 7 fevral növbədənkənar pezident seçkilərinin təyin olunmasının səbəblərini açıqlayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 11, 2024 09:57 Asia/Baku
  • Əliyev prezident seçkilərinin səbəblərini əsaslandırdı

Azərbaycan Respublikasının prezidenti 7 fevral növbədənkənar pezident seçkilərinin təyin olunmasının səbəblərini açıqlayıb.

Bu barədə İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində danışıb.

O, bu qərarın ilk növbədə sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatdan sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu iddia edib.

Əliyev deyib ki, ikinci səbəb işğaldan azad olunan ərazilərdə keçiriləcək birinci seçkilər məhz prezident seçkiləri olmalı idi.

“Mənim prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”, – deyə Əliyev fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirildiyindən İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatırdı.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, prezident vəzifəsini icra edir və bu, qonşu Gürcüstan və Ermənistandakı ənənə ilə fərqli görünür.