Fev 07, 2024 10:34 Asia/Baku
  • Heç kəs sürpriz gözləmir

Azərbaycanda prezident seçkiləri keçirilir

Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir.

Prezidentlik uğrunda hazırkı prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparır.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçici siyahılarına 6 milyon 478 min 623 seçici daxil edilib. Seçicilərin səs verməsi üçün 6537 seçki məntəqəsi təşkil edilib.

Onun sözlərinə görə, 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb və həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb.

MSK sədrinin sözlərinə görə, sabah 30 ildən sonra Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə səsvermə keçirilir.

Qeyd edək ki, seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydə alınıb. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir və 72 beynəlxalq təşkilatı təmsil edir.

Bundan əlavə seçkiləri izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

 

Teqlər