Oğurluq pullar üzə çıxır
Azərbaycanlı deputatın 39 milyon funt sterlinqlik əmlakı dondurulub
London Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyevə və onun xanımına məxsus 22 daşınmaz əmlaka həbs qoyub.
Turan Xəbər Agentliyi bildirir: Londondakı Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Mərkəzinin dərc etdiyi sənədlərə görə, 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) çox əmlak - əslində isə Azərbaycan xalqının oğurlanmış sərvət - 2023-cü ilin iyun ayında dondurulub. Bütün bu müddətdə Feyziyev Londonda daşınmaz əmlakın alınması üçün vəsaitin qanuniliyi barədə sorğulara cavab verməyib.
Britaniya hakimiyyəti hesab edib ki, Feyziyevin və onun ailə üzvlərinin bank hesablarındakı milyonlarla funt sterlinq beynəlxalq çirkli pulların yuyulması sxemindən gəlir.
2022-ci ildə Böyük Britaniya həmin vəsaitdən 5,6 milyon funt sterlinqi (7,56 milyon ABŞ dolları) Feyziyevin xanımı, böyük oğlu Orxanın və qardaşı oğlu Elman Cavanşirin hesablarından müsadirə edib.
Dondurulmuş əmlaklar arasında ən bahalı əmlak eksklüziv Chelsea Barracks kompleksində dəyəri 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) çox olan iki rezidensiyadır. Feyziyev onları 2020-ci ildə alıb. Hələ o vaxtlar Britaniya hakimiyyəti çirkli pulların yuyulması faktlarını araşdırırdı.
Dondurulmuş əmlaklar arasında Ricents- parka mənzərəsi olan mənzil, həmçinin Londonun şimal-qərbindəki yaşayış kompleksində 19 mənzil var. Feyziyev bu əmlakı 2008-2018-ci illərdə 10 milyon funt sterlinqdən (13,7 milyon dollar) çox qiymətə alıb. Ümumilikdə dondurulmuş əmlak 50 milyon funt sterlinqdən (63 milyon ABŞ dolları) çox qiymətləndirilir.
Qeyd edək ki, Feyziyev parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Britaniya işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Avropa İttifaqı- Azərbaycan parlament əməkdaşlıq Komitəsinin həmsədri olub.
2017-ci ildə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Mərkəzi Britaniyada qeydiyyatdan keçmiş dörd saxta şirkət vasitəsilə ölkədən çıxarılan təxminən 2,9 milyard dollarlıq mürəkkəb yuyulma sxemini ortaya qoymuşdur.