Mart 08, 2024 15:33 Asia/Baku
  • Qərbə etimad özünü doğrutmadı

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandallıq aktı Azərbaycan əleyhinə yürüdülən siyasətin nəticəsidir. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı Fərid Şəfiyev Natəvanın xeyriyyəçi və şairə olduğunu xatırladıb və sonra belə deyib:

"Fransada onun heykəlinə qarşı vandalizm aktının törədilməsinə biganə yanaşmaq olmaz. Çünki Azərbaycan hökuməti də Fransanın bu istiqamətdə heç bir addım atmadığını görür. Ona görə də nəticədə abidəni səfirliyimizin ərazisinə köçürdük. Bu vandallıq aktı Fransa hökumətinin siyasətinin nəticəsidir. Bununla bağlı heç bir üzr də istənilmədi. Bu, çox təəssüf doğuran hadisədir. Bu, bir işarə olmalı, bizi birgə fəaliyyətə sövq etməlidir”,- Fərid Şəfiyev deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağın işğalına qarşı  ədalətli mövqe tutacaqlarına ümid edərək Fransa başda olmaqla qərb dövlətlərinə yaxınlaşma siyasəti həyata keçdiyi 2017-ci ildə Azərbaycanın vəsaiti hesabına Fransanın Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı" salındı. Parkda “Dostluq” bulağı və  Xurşidbanu Natəvanın heykəli də ucaldıldı.

Heydər Əliyev Fondunun deyilən siyasət çərçivəsində Avropada xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçellinio və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox xristian abidələrin təmiri və mühafizəsi üçün külli miqdarda vəsaitlərin xərclənməsi ilə nəticələnib.

Fransa başda olmaqla qərb ölkələrinə təmənnasız verilən bu vəsaitlərin qarşılığında həmin ölkələr nəinki Qarabağın işğalına qarşı heç bir addım atmadılar hətta Azərbaycan özü işğala son qoyduqdan sonra Bakıya qarşı düşmənçiliklərini açıq-aşkar fazaya daxil ediblər. Artıq 2020-ci il 44 günlük müharibədən sonra Fransanın Evian şəhərində, Leman gölü sahilində dostluq bulağı da qurudu, Natəvanın heykəli də təhqir olundu.

 

Teqlər