Mart 26, 2024 12:43 Asia/Baku
  • Komissar “artan repressiyalardan” dərin narahatdır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç martın 25-də bəyanat yayaraq Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” dərin narahat olduğunu bildirib.

Dunya Miyatoviç vurğulayıb ki, “həbslər və təqiblər Azərbaycanda ifadə azadlığını boğur”.

Bəyanatda  Abzas Media,  Kanal-13  və Toplum TV-nin jurnalistlərinə qarşı cinayət təqiblərinə diqqət çəkilir.

“Mən Azərbaycanda qanuni fəaliyyətlərinə görə saxlanılan və ya təqib edilən digər şəxslərin, o cümlədən həbsdə olarkən bir sıra ağır xəstəliklərdən əziyyət çəkən alim  və tanınmış vətəndaş cəmiyyəti xadimi Qubad İbadoğlunun vəziyyətini də narahatlıqla izləyirəm”, deyə  Miyatoviçin bəyanatnda deyilir.

O, 2019-cu ildən bəri dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini ifadə və media azadlığının həyata keçirilməsi ilə bağlı vəziyyətin pisləşməsinə, habelə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən düşmən mühitə cəlb etdiyini xatırladır.

Təəssüf ki, hakimiyyət bu sahələrdə insan hüquqları üzrə öhdəliklərinə açıq-aşkar etinasızlıq nümayiş etdirməkdə davam edir və bununla da ölkə daxilində vəziyyəti gərginləşdirir, Avropa Şurasının komissarı daha sonra qeyd edir.

O, Azərbaycan hakimiyyətini “insan hüquqları ilə bağlı öhdəliklərinə tam əməl olunmasını təmin etmək üçün qətiyyətli addımlar atmağa” çağırıb.

Miyatoviç xüsusən də həbs edilmiş bütün jurnalistlərin və fəalların azadlığa buraxılmasının, eləcə də media nümayəndələrinin, vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin yaradılmasının zəruriliyini qeyd edib.