Apr 07, 2024 12:50 Asia/Baku
  • Aİ missiyası Azərbaycan MN-nin məlumatını təkzib edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələrinin mövqelərinin ümumilikdə 30 dəfə atəşə tutulduğunu bildirməsindən sonra Aİ-nin xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan sərhədində hərhansı gərginliyi təsdiqləməyib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi aprelin 6-da yaydığı məlumatda bildirib ki, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Respublikası ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Məlumatda aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələrinin ümumilikdə 30 dəfə atəşə tutulduğu bildirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu məlumatına cavab Avropa İttifaqının Ermənistandakı missiyası tərəfindən gəlib. Həmin missiya məlumat verdi ki, şənbə günü missiya “Sotk, Verin Şorja, Aravus və Movses kəndləri ərazilərində patrul aparıb. Vəziyyət sabit və sakitdir”

Eyni zamanda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan kəndlərindən Azərbaycan ordusuna qarşı atəş açılmasını eləcədə Ermənistanın Azərbaycanla sərhədlərə qoşun yeritməsi ilə bağlı deyilənləri təkzib edib.

“Hərbi hərəkətlərlə bağlı bəzi ittihamlara baxmayaraq, ümidvericidir ki, Aİ-nin Ermənistandakı missiyası bunları təkzib edə bilir.

Missiya anlaşılmazlıqları aradan qaldıra və hər iki tərəfə xidmət göstərə bilən və istifadə olunmamış resurs olaraq qalır”, - Klaar aprelin 6-da X hesabında yazıb.

 

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin eləcə də Avropa İttifaqının Ermənistandakı missiyasının Ermənistan tərəfindən Azərbaycan mövqelərinə hərhansı atəş açılmasını yalanlamasına rəğmən Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün də məlumat yayaraq bildirib ki, aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən  Azərbaycan ordusunun mövqeləri ümumilikdə 16 dəfə müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.