Apr 14, 2024 22:05 Asia/Baku
  • Elxan Şükürlü: Dron hücumuyla İran öz məqsədinə çatdı

Azərbaycanlı siyasətçi İran İslam Respublikasının İsrailə qarşı hava zərbələri ilə öz məqsədinə çatdığını vurğulayıb.

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü özünün feysbuk səhifəsindəki məqaləsində yazır: “Hazırda Azərbaycanda sosial şəbəkələr üzərindən aktiv şəkildə İranın gözdənsalma kampaniyası aparılsa da, İran ilk dəfə olaraq öz ərazisindən nümayişkaranə şəkildə birbaşa İsrailə qarşı təşkil etdiyi dron hücumuyla məqsədinə çatmış sayılır”.

Politoloqun fikrincə, İsrailin İranın Suriyadakı konsulluğunu vurması və HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin ailə üzvlərini qətlə yetirməsi İrana başqa seçim imkanı saxlamamışdı.

Elxan Şükürlü qeyd edir ki, bu əməliyyat xüsusən də son iki il ərzində Qərbin həm milli-etnik, həm də sosial-iqtisadi zəmində daxildən parçalamaq, sarsıtmaq istədiyi 90 milyonluq İran əhalisini yenidən birləşdirərək, dini hakimiyyətin arxasında toparlayacaq, ölkədə isə döyüş ruhlu anti-Qərb, anti-İsrail əhvalını daha da yüksəldəcək. Xüsusilə də İranın gənc əhalisi küçələrə çıxaraq, böyük coşğuyla dini hakimiyyətin arxasında səfərbər olub, ABŞ və İsraili lənətləməkdə davam edir.

Azərbaycanlı politoloq sonra yazır: “İranın İsrailə daha yaxın Suriya, Livan və İraq ərazisindən deyil, məhz öz ərazisindən 1500 km məsafədə yerləşmiş İsrail paytaxtını hədəf seçməsi rəsmi Tehranın öz hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, 6 aydır Qəzzə bataqlığından çıxa bilməyən İsrailin Netanyahu hökumətinə də böyk zərbə endirmək deməkdir. Şübhəsiz ki, bu durum, ilk növbədə, Netanyahu hökumətinə içdən basqıları artırmaqla, onu daha da çətinə salacaq. Belə ki, Qəzzədə rəzil duruma düşdüyü kimi, İrana qarşı səsləndirdiyi bəyanatlarından geri addım atmalıdır”.

Müəllif həmçinin hesab edir ki, Qəzzədə törətdiyi vəhşiliklər səbəbindən İsrailin bundan sonra “şiə İrana qarşı sünni ərəb koalisiyası” yaratmaq cəhdi alınmayacaq. Hətta rəsmi Təl-Əvivlə çox yaxşı münasibətləri olan hansısa müsəlman ölkəsi də daha əvvəlkitək İsraili açıq dəstəkləməyə risk etməyəcək.

“Digər tərəfdən ABŞ prezidenti yaxşı anlayır ki, İsrailin təhrikiylə İrana qarşı əməliyyatlara qoşulması Ukraynanın tamamilə Rusiya tərəfindən udulmasına, neft qiymətlərinin yüksəlməsinə, ABŞ-ın özündə daxili etirazların artmasına və beləcə, 2024 seçkilərinin uduzulmasına gətirib çıxaracaq”, - deyə Elxan Şükürlü öz məqaləsində vurğulayır.