Apr 18, 2024 12:18 Asia/Baku
  • Rəsmi Bakıdan açıqlama:

“Sülhməramlıların vaxtından əvvəl çıxarılması razılıq əsasındadır”

Azərbaycan Respublikası kökuməti bildirib ki, rusiyalı sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu haqda deyib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Bu arada Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Rusiya mətbuatına bildirib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyasını tam yerinə yetirilmiş hesab etmək olar.

Deputat qeyd edib ki, sülhməramlılara artıq ehtiyac yoxdur, çünki Qarabağda döyüşən tərəflər yoxdur və heç kim Qarabağın Azərbaycana məxsus olması ilə mübahisə etmir.

Rusiyada Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov isə Azərtac-la müsahibədə deyib: “Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi.

Markov xatırladıb ki, “Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”.

 

 

Teqlər