May 27, 2024 14:19 Asia/Baku
  • ABŞ Azərbaycanı cəzalandırır

ABŞ Azərbaycan Respublikasını öz torpaqlarını azad etdiyinə görə cəzalandırmaq istəyir. Sayına görə rəmzi xarakter daşıyan 44 azərbaycanlı məmura qarşı sanksiya layihəsi ciddiləşir.

44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etdiyinə görə Azərbaycan Respublikasının 44 yüksək vəzifəli məmuruna qarşı sanksiya layihəsini dəstəkləyənlərə əlavə 7 ABŞ konqresmeni qatılıb.

"Azərbaycana qarşı sanksiyalar haqqında akt-2024-cü il" - Qarabağ müharibəsindəki roluna və qərb ünsürlərinin fəaliyyətlərini məhdudlaşdırdığına görə 44 azərbaycanlı yüksək vəzifəli məmura qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinə yeddi həmmüəllif qatılıb.

Turan xəbər agentliyinin verdiyi məlumata görə, bu cür ilk qanun layihəsi (HR8141) aprelin 26-da Nevadadan  demokrat Dina Titus və 24 digər həmmüəllif tərəfindən təqdim edilib, hazırda onların sayı 31-ə yüksəlib.

Bu təşəbbüsə qoşulanlar arasında demokratlar Daniel Qoldman, Mayk Kuiqli, Anna Eşu, Linda Sances, Cudi Çu, Lori Trehan və respublikaçı konqresmen Mişel Stil var.

Təqdim edildikdən sonra qanun layihəsi Konqresin Xarici İşlər və Hüquq Komitəsinə verilib.

Qanun qəbul edilərsə, Konqres Bayden administrasiyasından həmin  44 azərbaycanlı məmurun müharibədə iştirakına və Azərbaycanda qərbyönümlü fəallara qarşı təzyiqlərə görə "Maqnitski qanunu" ilə müəyyən edilmiş sanksiyalara məruz qalıb-qalmayacağını 180 gün ərzində təsdiqləməsini tələb edəcək.

Xatırladaq ki, siyahıda 44 nəfər- Prezident Administrasiyasının üzvləri, güc strukturlarının nümayəndələri, o cümlədən ordu rəhbərliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və digər qurumlar var.

Teqlər