İyun 12, 2024 12:35 Asia/Baku
  • İran və Azərbaycanda taktiki təlimlər keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, İran İslam Respublikası ilə əldə olunmuş razılaşmaya əsasən bu gün iyunun 12-də Naxçıvan və İran ərazilərində eyni vaxtda taktiki təlimlər keçirilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytının dünən axşam yaydığı məlumatında belə deyilir: “2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.”
Məlumatda sonra bildirilir ki, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
“Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək”,- Nazirliyin veb səhifəsində bildirilir.
Məlumatda əlavə olaraq qeyd olunur ki, hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.

 

Teqlər