Avq 06, 2024 16:16 Asia/Baku
  • “France24” Azərbaycanı soyqırımında ittiham edib

“France24” Telekanalında ermənilərin Qarabağdan köçməsi “soyqırımı” adlandırılıb.

İyulun 26-da Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının anti Azərbaycan mövqeyini bu dəfə "France24" davam etdirib.

Sözü gedən kanal COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin mübahisəli olmasından bəhs edib. Səbəb kimi də Qarabağın blokadası və 2023-cü ilin sentyabrında gedən döyüşlərin erməni sakinlərin məcburi köçkünlüyünə gətirib çıxarmasını göstərib.

“France 24" ermənilərin Qarabağı tərk etməsini "soyqırımı" adlandırıb və bu sözü işlətmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) keçmiş prokuroru Luis Moreno Okampoya istinad edib.

Kanal Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroruna öz efirində yer ayırıb və  o da keçmiş qondarma Qarabağ respublikasının rəhbəri olan, və hazırda Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırıb.

"France24" TV-də Ruben Vardanyan “xeyriyyəçi iş adamı” kimi təqdim edilib. Beləliklə məlum olub ki, Fransa Azərbaycana qarşı təxribatçı təbliğatını dayandırmaq niyyətində deyil və bütün tədbirlərdən - istər Parisdə keçirilən Olimpiya Oyunları, istərsə də Bakıda baş tutacaq COP29-dan Azərbaycanı ölkə və xalq olaraq gözdən salmaq üçün istifadə etməyi qarşıya məqsəd qoyub.

Qeyd edək ki, indiyədək heç bir qərb ölkəsi yaxud qurumu birinci Qarabağ müharibəsində Azərbaycana qarşı törədilmiş cinayətlərə heç bir münasibət bildirməyib və susqunluğu məqsədə uyğun görüb.