Avq 22, 2024 18:56 Asia/Baku
  • Bir kəmərdə baş verən qəza niyə ciddi su çatışmazlığı yaradıb?

Azərbaycanlı mütəxəssis deyir ki, Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəzanın Bakıda ciddi su probleminə səbəb olması anormaldır. O bu vəziyyəti su paylayıcı şəbəkənin köhnə olması ilə əlaqələndirib.

"Oğuz-Qəbələ-Bakı su xətti Bakıya daxil olan suyun çox az hissəsini, saniyədə 5 kubmetrini təşkil edir. Bir kəmərdə baş verən qəza paytaxtda ciddi su çatışmazlığı yaratmamalıydı. Baş verən qəzadan sonra 10 rayonun susuz qalması, istismar olunan su boruların və su paylayıcı şəbəkənin köhnə olması ilə əlaqədardır",- Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası dosenti Fərzəli Həsənov spotnik.az-a  söyləyib.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su xəttində baş vermiş qəza üç gündür ki, paytaxtın 10 rayonunda və Abşeronun müəyyən ərazilərində suyun verilişinin dayandırılmasına səbəb olub. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, baş verən qəza aradan qaldırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb. Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.

Mütəxəssis Fərzəli Həsənov bildirib ki, “Bakıya bir neçə kəmərlə su verilir. Bunların birində qəzanın baş verməsi 10 rayonun susuz qalmasına səbəb olmamalıdır. Görünür Bakıda qapalı su hovuzları lazımi səviyyədə doldurulmur. Bu anbarlar tam doldurulmalıdır ki, qəza anlarında depolardan su götürmək mümkün olsun. Paytatxda su ehtiyatı olmalıdır".

Fazil Həsənova görə, əksər hallarda su kəmərlərinə lazımi təzyiqlə su vurmaq olmur. Çünki, supaylayıcı kəmərlərin çoxu istismar müddətini çoxdan başa vurub. F. Həsənov deyir ki, Bakıda elə supaylayıcı kəmər var ki, istismar müddəti 60-100 ilə çatır.

 

Teqlər