Sen 12, 2024 16:14 Asia/Baku
  • Şikayət təmin olunarsa Ə.Kərimlini həbs gözləyir

Aydın Əliyevin Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə hazırlıq iclası başa çatıb.Məhkəmə şikayəti icraata qəbul edib.

 Mahiyyəti üzrə dinləmələr sentyabrın 19-na təyin edilib.

Aydın Əliyev böhtan ittihamı ilə Kərimlinin məsuliyyətə cəlb olunmasını tələb edir.

İddiaçı  onun şikayətindən sonra məhkəmənin AXCP-nin qurultayı barədə qərarı ləğv etməsilə bağlı Kərmlinin şərhini "böhtan" adlandırıb.

Əsasən Kərimliyə aşağıdakı fikirlərilə bağlı iddialar irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında məhkəmə,  24.06.2023-cü il tarixli qurultayın  287 "lehinə",  bir  "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb.

Kərimli qeyd edib ki, hazırkı proses "Azərbaycanın məhkəmə sistemi üçün sınaq" olacaq. Məhkəmə şikayəti təmin edərsə, bu, rejimin özü üçün rüsvayçılıq olacaq, çünki " hakimiyyətlə əməkdaşlıq" şərəf və ləyaqətə təhqir kimi tanınacaq, partiya lideri qeyd edib.

Şikayət təmin olunarsa, Əli Kərimlini 6 ay müddətinə azadlıqdan məhrumolunma cəzasına qədər müxtəlif cəza növü təhlükəsi gözləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  lideri Əli Kərimli isə məhkəmənin ona qarşı iddianı icraata götürməsini siyasi sifarişin icrası kimi qiymətləndirib.

"Məhkəmənin qərarı məni təəccübləndirmədi. Məhkəmə siyasi sifarişi - hər hansı hüquqi əsasın və cinayət hadisəsinin olmamasına baxmayaraq, işin baxılmaq üçün qəbul edilməsi -ni yerinə yetirdi", – Kərimli tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Müxalifət partiyasının rəhbərinə qarşı cinayət işi açan hakimiyyət  müxalifəti, vətəndaş cəmiyyətini, azad medianı tamamilə sıradan çıxarmaq istəyir", - Kərimli deyib.

Teqlər