Sen 16, 2024 18:06 Asia/Baku
  • Azərbaycanda məktəbə gedənlər azalır

Bu gün, sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb. Bu münasibətlə Turan xəbər agentliyinin dərc etdiyi materialda bildirilir ki, Azərbaycanda ildən-ilə məktəbə gedənlər azalır.

Turanın dərc etdiyi materialda deyilir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə təxminən 132 min  uşaq qəbul olunub. 2023-2024-cü tədris ilində isə bu rəqəm  137 min 862 uşaqdan ibarət olub.

Məqalədə son beş ilin birinci məktəbə qəbul edilən uşaqların sayı müqayisə edilərək belə nəticə çıxarılıb ki, son beş il ərzində I sinfə gedən məktəblilərin sayı 27 min azalıb.

Bir neçə il əvvəl elm və təhsil naziri Emin Əmrullayev də I sinfə gedən şagirdlərin sayının azalmasını demoqrafik məsələlərlə izah etmişdi.

Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov da Turana bildirib ki, şagirdlərin sayında azalma məsələsi çox aktual məsələdir və bu məsələnin üzərinə düşmək lazımdır:

Onun sözlərinə görə, əvvəlki dövrdə ailələrdə 5-6 uşaq olubsa, bu gün ailələr 2 və ya hətta 1 övlada üstünlük verirlər: “Bu da cəmiyyətimizdə bir aktual problem kimi özünü göstərir”,-deputat deyib.

Deputat qeyd edib ki, səbəblərdən biri boşanmalardır: “Digər səbəb gənclərin artıq nikaha o qədər də meyl göstərməməyidir. Onlar düşünür ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmamaq daha yaxşıdır”.

Məqalədə Təhsil eksperti Nabatəli Qulamoğluna istinadla bildirilir ki, həyat inkişaf etdikcə insanın tələbatları çoxalır: "Bunun üçün də ailəyə gəlir lazımdır. Əgər ailə bunu əldə edə bilmirsə, övlad planlaşdırmasını ixtisara salır. Çoxuşaqlılıq valideynlər üçün qayğıdır və onlar bu qayğının öhdəsindən gələ bilmir. Buna görə də uşaqların sayı, paralel də şagirdlərin sayı azalır".

Ekspertin fikrincə, şagirdlərin sayının azalması təkcə demoqrafik deyil, həm də sosial prosesdir: "Sosial mühitlə ayaqlaşmaq arzuları həyata keçmədiyi üçün valideynlər belə planlaşdırma aparırlar. İndi uşağı məktəbə göndərmək üçün çoxlu maddi vəsait lazımdır. Ailədə üç-dörd uşaq varsa, bu, artıq ciddi qayğıya çevrilir. Ona görə də valideynlər istəyir ki, uşaqları az olsun, qayğıları da azalsın. Getdikcə, bu tendensiya davam edəcək".

N.Qulamoğlu hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün Azərbaycanda insanlara maddi imkanlar yaradılmalı və azad iqtisadiyyat mühiti olmalıdır.

Teqlər