Sen 23, 2024 16:20 Asia/Baku
  • İ.Əliyev yenə qonşuları təhlükə amili adlandırdı

Azərbaycan Respublikası prezidenti quru sərhədlərin açılmasını böyük fəlakətlə eyni hesab edərək, qonşulardan ciddi təhlükənin olduğunu iddia edib. Əliyev hansı təhlükələrdən söz getdiyini deməyib.

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”,- İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Yalnız quru sərhədləri bağlı olan Azərbaycanı sabitlik baxımından bütün dünyaya nümunə hesab edən İlham Əliyev əhalini quru sərhədləri açıq olduğuna görə sabitliyi pozulan ölkələrin aqibətindən qorxudub: “Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Azərbaycan Respublikasının prezidenti deyib.

Qeyd edək ki, Azərbaycanın qonşularla quru sərhədi 2020-ci il martın əvvəlindən qapadılıb. Bu Koronavirus pandemiyasının yayılması ilə əlaqələndirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan etsə də, Azərbaycan Respublikası dünyanın yeganə ölkəsidir ki, karantin rejiminin vaxtını üzatmaqla sərhədləri bağlı saxlayır. Bunun son nümunəsi iyunun 24-nə təsadüf edir. Baş nazir Əli Əsədovun imzladığı qərara əsasən, COVID-19 virusunun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Baş nazirin pandemiya qərarlarının xalq tərəfindən istehza ilə qarşılanmasını nəzərə alaraq 2024-cü il aprelin 23-də İlham Əliyev quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi. Ancaq buna rəğmən quru sərhədlərinin bağlı qalması üçün bir tərəfdən Baş nazirin pandemiya qərarı verməsi digər tərəfdən isə prezidentin bunu təhlükəsizlik məsələsi ilə əlaqələndirməsi cəmiyyətdə ciddi etimadsızlığa səbəb olub.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun altında başqa məqsədlər olduğunu söyləyirlər. Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Teqlər