Sen 26, 2024 18:24 Asia/Baku
  • Azərbaycanın AŞPA-ya qayıtmasına şərtlər tələb olunub

Sentyabrın 25-də İnsan Hüquqları Evləri Fondu və daha on beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasını Azərbaycanda davam edən repressiyalara reaksiya verməyə çağırıb.

"2025-ci ilin yanvarında Azərbaycanın səlahiyyətlərinə dair səsvermə ərəfəsində Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyəti yenidən Assambleyaya qəbul edilməzdən əvvəl ölkənin cavab verməli olduğu dəqiq meyarları hazırlamalı və əməl olunmasını təmin etməlidir", - 11 təşkilatın İnsan Hüquqları Evləri Fondunun saytında dərc olunmuş müraciətində deyilir.

"Azərbaycanın tənqidi səslərin yatırılması ilə bağlı uzun və yaxşı sənədləşdirilmiş tarixi olsa da, son bir ildə hakimiyyət müstəqil vətəndaş cəmiyyətinin və KİV-in qalan hissələrini təqib etməklə, əsassız, lakin ciddi cinayət ittihamları tətbiq etməklə repressiyaları sərtləşdirib. Onlarla fəal və KİV xadimi həbs olunub, əksəriyyəti qaçaqmalçılıq, dələduzluq, valyuta saxtakarlığı və ya narkotik maddə saxlanması ittihamları ilə həbs edilib. İşgəncələr geniş yayılıb və bir çox məhbus amansız rəftardan şikayətlənir", - müraciət müəllifləri qeyd edirlər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda fevral və sentyabr aylarında keçirilmiş növbədənkənar prezident və parlament seçkilərini "rəqabətsiz və demokratik standartlara uyğun olmayan" kimi xarakterizə edib.

Müraciətdə bildirilir ki, Avropa Şurası Parlament Assambleyasının üzvləri 2025-ci ildə Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin bərpası üçün aydın şərt kimi Azərbaycandan insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməsini tələb etməli, bütün qanunsuz həbs olunanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməli, Azərbaycanda tənqidi əhval-ruhiyyəli şəxslərin təqibinə son qoyulmasına nail olmalıdır.

Onlar həmçinin Azərbaycanın Avropa İnsan  Hüquqları Konvensiyasına riayət etməsilə bağlı rəsmi araşdırma təşkil etməyi, Azərbaycanın Avropa məhkəməsinin qərarlarının icrasına nəzarəti gücləndirməyi xahiş edirlər.