Okt 22, 2024 17:12 Asia/Baku
  • Bakını su basdı; kim məsuliyyətə cəlb olunacaq?

Dünən gecə Bakı şəhərini su basıb. Yağışdan sonra şəhərdə yaranmış bərbad vəziyyət şəhərin infrasturukturlarında və idarə edilməsindəki ciddi səriştəsizliklərə diqqət çəkib.

Turan xəbər agentliyi dünən gecə yağıntılardan sonra Bakı şəhərində yaranmış faciəli vəziyyət barədə belə yazır: Dünən axşam və gecə paytaxtın sabiq meri Hacıbalanın dövründən qalan mərmər “abidələr” bakılılara yenidən keçmiş merin “məhsuldar işi”ni xatırlatdı. Paytaxtın bir sıra rayonlarında mərmərlə üzlənmiş və müvafiq drenaj sistemi ilə təchiz olunmayan yeraltı keçidlər və tunellər əsl “su anbarlarına” çevrilib.

Məlumatda sonra deyilir:  Ən çox Sabunçu, Bingədi, Nərimanov və bir sıra digər rayon və qəsəbələr zərər çəkib. Leysan yağışlar səbəbindən bəzi  yollarda və tunellərdə suyun səviyyəsi 1,5-2 metrə qədər qalxıb.

Nəticədə onlarla avtomobil keçidlərdə və yollarda ilişib qalıb. Qeyri-rəsmi məlumatlara görə, xəsərət alanlar var.

Fövqəladə Hallar Nazirliyi yağışın davam etməsinə baxmayaraq, tunellərin girişlərini bağlamalı, suyu çəkməli olub.

Turan xəbər agentliyi bildirir ki, yolda qalan vətəndaşlar və avtomobil sürücüləri tərəfindən çəkilmiş videolar yol infrastrukturunu layihələndirən və quranların tam səriştəsizliyini göstərir.

Məlumatda daha çox Bakının keçmiş qalmaqallı meri Hacıbala Abutalıbov günahlandırılır və bildirilir ki, Abutalibov işin texniki tərəfini düşünməkdənsə, yalnız hər şeyin parıldaması və gözəl görünməsi ilə məşğul olub.