Okt 25, 2024 15:26 Asia/Baku

Bakıda yağan yağışdan sonra evlərə dolan su hələ də aidiyyatı qurumlar tərəfindən təmizlənməyib. Bu barədə Sputnik Azərbaycan paytaxt sakinlərinə istinadla məlumat verib.

Sakin Cavid Şahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağış yağan günün üzərindən üç gün keçsə də, onun su ilə dolan evini təmizləməyə heç bir qurum gəlməyib. O, məcburən evə dolan suyu vedrələrlə daşımalı olub.

Şahverdiyevin sözlərinə görə, evə su həm döşəmədən, həm də tavandan axıb. Qonşuluqdakı daha dörd ev yağışlı gündə eyni aqibətlə üzləşib. Hadisə baş verən gecədən Fövqəladə Hallar Nazirliyinin "Qaynar Xətt"inə, eləcə də Dövlət Su Ehtiyatlar Agentliyinə müraciət etsə də, evlərə dolan suyu təmizləmək üçün heç bir qurum işçi qüvvəsi göndərməyib. Çarəsiz qalan sakinlər özləri evləri sudan qismən də olsa təmizləyiblər.

Həmsöhbətimiz evin altının indi də su olduğunu, evdə nəmişlik qoxusundan yaşamağın mümkün olmadığını söyləyib. Bildirib ki, su basandan sonra evdəki bütün elektriklə işləyən məişət cihazları sıradan çıxıb. Əyinlərinə geyinməyə quru paltar və ayaqqabı qalmayıb. Məişət əşyaları ilə yanaşı bütün sənədləri də yağış sularına qərq olaraq islanıb, yararsız vəziyyətə düşüb. Evinin içərisində suyun hündürlüyü 30-40 sm-ə çatıb.

"Bütün bunlar az imiş kimi, qazı da kəsiblər. Nə özümüz isinirik, nə islanmış paltarları yumağa isti su var. Pəncərələri də açırıq ki, evin üfunəti getsin, üşüyürük..." - Şahverdiyev deyib.

O, aidiyyatı qurumların səhlənkarlığından da şikayətlənib. Bildirib ki, indiyədək Sabunçu Rayon İcra Hakimiyyətindən evlərini su basmış sakinlərə heç bir köməklik göstərilməyib. Fövqəladə Hallar Nazirliyinin "Qaynar Xətt"inə, eləcə də Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etsələr də, cavab belə olub ki, su basan evlərin sayı çoxdur, texniki qüvvə isə çatışmır:

"Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyə dəyməz. Onlar nə vaxt sakinlərin bir problemini həll ediblər ki?! Heç vaxt heç bir problemimizin həllinə kömək göstərməyiblər" - Cavid Şahverdiyev əlavə edib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, rayon ərazisində su basan evlər çox olduğundan imkanlar çatışmır.

Sakinə dəyən zərərin aradan qaldırılmasına gəlincə, buna maddi imkan olmadığı bildirilib.