Müsavat Partiyası jurnalistlərin və siyasi məhbusların həbsinə etiraz etdi
Dekabrın 7-də Müsavat Partiyası Məclisinin növbəti sessiyasında partiya başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın cari vəzifələri mövzusunda məruzə ilə çıxış edib.
İclasda Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı bəyanat qəbul edilib.Partiya bildirib ki, gözləntilərin əksinə olaraq, hakimiyyət nəinki siyasi məhbusları azad etmir, əksinə, repressiv tədbirləri getdikcə daha çox dərinləşdirir.
Hazırda MP-nin üzvü Tofiq Yaqublu, AXCP-nin üzvü Zamin Salayev, jurnalistlər, dini fəallar və digərləri daxil olmaqla, 300-dən çox siyasi məhbus həbsdə saxlanılır.
Son günlərdə hüquq-müdafiəçisi Rüfət Səfərov əsassız ittihamlarla həbs edilib. Müstəqil jurnalist Ramin Cəbrayılzadə və “Meydan” TV-nin əməkdaşları – Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Natiq Cavadlı əsassız olaraq saxlanılıblar.
Partiya Azərbaycan hakimiyyətindən siyasi motivlərlə həbs olunan şəxslərin dərhal azad edilməsini, ölkədə repressiyaların dayandırılmasını tələb edir.