Azərbaycanın media resurslarına kiberhücum
İranı hədəf göstərmək kimlərə sərf edir?
Fevralın 20-də "Global Media Group"un nəzdində fəaliyyət göstərən onlayn resurslara qarşı kütləvi haker hücumda İsrail rejimi rol oynayıb, hədəf İranı gözdən salmaq olub.
Oxu.az xəbər portalı yazır ki, bu kiberhücumlarla əlaqədar Report.Az, Oxu.Az, Media.Az, Baku.ws, Caliber.Az saytlarının və Baku TV-nin fəaliyyətində problem yaranıb. Serverlərə və saytların panelinə sızmalara cəhd edilib və saytların giriş səhifələrinə şəkillər yerləşdirilib.
Məqalədə deyilir: “Kiberhücumun İran tərəfindən törədildiyinə diqqət çəkməyə cəhd edilmişdir. Lakin bu o demək deyil ki, təxribat, həqiqətən, İran tərəfindən törədilib. Asanlıqla deyə bilərik ki, bu fəaliyyətin arxasında Fransa, ya da Rusiyadan himayə edilən haker qruplaşması dayanıb”.
Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib: “Şübhə yoxdur ki, sifariş hücumun təşkil edildiyi ölkənin yuxarı dairələrdən verilib. Məqsəd Azərbaycanın tarixi qonşusu olan İranla münasibətləri gərginləşdirmək ola bilər. Ölkələrimiz arasında münasibətlərin yaxşılaşdığı bir dönəmdə belə bir hücumun təşkili üçüncü tərəfin təxribatı da ola bilər. Digər tərəfdən İranla Azərbaycan arasında münasibətlərin rəvanlaşdığı bir dövrdə belə bir hücumun edilməsi kimə, hansı qüvvələrə sərf edirdi?
Millət vəkilinin fikrincə, bu sual ətrafında düşünmək lazımdır. “Yaxud nə üçün kiberhücumun "Hüseynçilər tərəfindən törədildiyi görüntüsü yaradılıb? Hərəkatın fotosunun və adının hücuma məruz qalan saytlarda əks etdirilməsi hələ hücumun həmin qurum tərəfindən edilməsi demək deyil. İnformasiya müharibəsində bu cür üsullardan geniş istifadə edilir. İki ölkə arasındakı münasibətləri gərginləşdirmək üçün üçüncü tərəf bu cür qızışdırıcı təxribatlara əl atırlar. Baş vermiş hadisə ilə bağlı tələsik qərar çıxarmaq bizi yanlış istiqamətə apara bilər. Çünki kiberhücumun İrana bağlı qrup tərəfindən törədildiyini düşünmək üçün əlimizdə kifayət qədər əsas yoxdur”, - deyə Mehriban Vəliyeva vurğulayıb.
Gəlin burada oxu.az portalının versiyasına birini də biz əlavə edək: İndiyədək hər kəsdən artıq müxtəlif fəndlərlə İran-Azərbaycan əlaqələrini pozmağa cəhd edən əsas tərəf adətən İsrail rejimi olub. Yanvarın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın prezident İlham Əliyev ilə görüşdüyü anlarda bu təxribatı törətməklə heç şübhəsiz sionist rejim əlaqələrimizi pozmağa cəhd etmişdir.
Təəssüfləndirici hal həm də budur ki, 2024-cü il martın 28-də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Bu isə o deməkdir ki, sionistlər Azərbaycanın kiber məkanında cövlan edirlər.