Neft ölkəsində tariflər bir-birinin ardınca gəlir
Azərbaycanda suyun qiyməti bahalaşa bilər
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi ölkədə suyun bahalaşacağının anonsunu verib.
Mediaların yaydığı məlumata əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə bildirib ki, Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır, belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir.
Onun sözlərinə görə, bu tarif sisteminin yenidən tənzimlənməsinə gətirib çıxara bilər.Dövlət rəsmisinin bu açıqlamadan sonra sosial mediada suyun qiymətinin yenidən artacağı ilə bağlı müzakirələr artıb.
Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı.
Qeyd edək ki, bu il Azərbaycanda elektrik və qaz daxil bir sıra kommunal xidmətlərdə bahalaşma baş verib.