Müsəlman xalqlara qarşı vəhşiliklərə nə zaman son qoyulacaq?
Xocalı soyqırımının 33-cü ildönümü anılır - AKTUAL
Bu gün fevralın 26-sı Qarabağda müsəlman əhalinin soyqırımına məruz qalmasının ildönümüdür.
1992-ci il Fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, dəhşətli qətliam törətdilər.
Hücum zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir.
Xocalı faciəsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin acı hadisələrindən və 20-ci əsrdə müsəlmanlara qarşı törədilmiş genosid xarakterli tragediyalardan biridir.
Maraqlıdır ki, başda ABŞ olmaqla özlərini insan haqlarının müdafiəçisi adlandıran Qərb dövlətləri 33 il əvvəl Xocalı soyqırımını tanımaqdan boyun qaçırdıqları kimi bu gün də eyni mövqeyi Qəzzə zolağında vəhşi İsrail rejimi tərəfindən törədilən cinayətlər barədə davam etdirirlər. Səbəbi isə əlbəttə bəllidir: Həm Xocalıda, həm də Qəzzədə şəhid olanlar müsəlmandırlar. Bunun nəticəsi olaraq Qəzzədə 50 minə yaxın günahsız insanı soyqırıma məruz qoyan qaniçən rejimin təmsilçisi Benyamin Netanyahu ABŞ Konqresində alqışlanır və ardınca heç nə olmayıbmış kimi bütün beynəlxalq qanunlara tüpürən Donald Tramp sözü gedən rejimin baş nazirinə qucaq açır. Bu mənzərə yəqin ki, Azərbaycan xalqı üçün tanışdır; 33 il bundan əvvəl də oxşar səhnənin şahidi olduq. Xocalıda soyqırımı törətmiş Ermənistan rəhbərliyi ABŞ tərəfindən mükafatlandırıldı, Azərbaycana qarşı 907-ci düzəliş əsasında sanksiyalar tətbiq edildi. Necə ki, bu gün təkəbbürlü və xain dövlətin başçısı təcavüzkar sionist rejimə sürpriz olaraq Qəzzənin fələstinlilərdən təmizlənəcəyini vəd edir.
Belə bir ədalətsiz dünyada yaxşı olardı ki, biz Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edərkən Qəzzə soyqırımının da qurbanlarını yad edək.
Allah şəhidlərimizə rəhmət eləsin!