Azərbaycanda jurnalistlərin həbsi davam edir
“Meydan TV işi” ilə bağlı daha bir jurnalist saxlanılıb
“Meydan TV” ilə əlaqəli cinayət işinə görə daha bir jurnalistin saxlanıldığı xəbər verilir.
Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, jurnalist Fatimə Mövlamlı saxlanılıb. Onun məhkəməyə çıxarılması gözlənilir.
Bundan əvvəl Meydan TV-nin 6 jurnalisti nəzarət altına alınaraq onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Həmin jurnalistlərə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
Qeyd edək ki, ölkə daxilində də jurnalistlərin həbsinə etiraz var. Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev bununla əlaqədar özünün feysbuk hesabında yazıb: “Yeganə "günahı" öz ölkəsini bütün varlığıyla sevmək, onu ədalətli, azad və xoşbəxt məmləkət kimi görmək istəyi olan müstəqil jurnalistlərin həbsi, millətin gələcəyini çarmıxa çəkmək cəhdidir”.