“Nardaran” adı şiə ölkəsinin ayıbıdırmı? - AKTUAL
Nardaranın adı yol nişanlarından götürüldü
Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək, “Sea Breeze” adının yazılması müzakirələrə səbəb olub.
Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində daha Nardaran adı gözə dəymir, onun yerinə prezidentin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze” şəhərciyinin adı salınıb. Bir çoxları bunu Nardarana qarşı – necə deyərlər – səlib yürüşü kimi qiymətləndirir. Daha vacib bir sual isə odur ki, Nardaranda yerləşən “Sea Breeze” adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi?
Rəsmilər bu eybəcər hərəkəti belə əsaslandırırlar ki, “Lövhələrdə guya cəlbetmə məntəqəsi olan “Sea Breeze” həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır”.
Xatırladaq ki, bir müddət əvvəl Emin Ağalarov “Sea Breeze“də keçirilən görüşdə Nardaranda açmaq istədiyi kazinonun layihəsini xarici investorlara təqdim edib. Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edib.
Bu arada Ağalarovun layihələri üçün 4 milyard manat vəsaitin ayrılması sosial mediada geniş şəkildə müzakirə olunur. Deyilənlərə görə, bu böyük məbləğin ona kredit şəklində verilməsi adi məsələ deyil, xüsusilə də ölkə əhalisinin böyük əksəriyyəti məişət problemindən və ya işsizlikdən əziyyət çəkirsə, pulların havaya sovrulması və kazino tikintisinə sərf olunması anormal haldır.
Tanınmış jurnalist Qənimət Zahid Azərbaycan prezidentinin keçmiş kürəkəninin çirkli pulları yumaqla məşğul olduğunu ağlabatan sayır.
Qeyd edək ki, keçmiş kürəkən Nardaran ərazisində Xəzərin sahilini qumarxanaya çevirmək və süni adalar yaratmaq ambisiyası ilə qəsəbə əhalisinə meydan oxuyur.